AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
Malatdehidrogenaza (MDH) enerji və hüceyrə metabolizmində mühüm rol oynayır. Bu məqalədə amarant yarpaqlarında sitozol (sMDH) və mitoxondri (mMDH) malatdehidrogenazalarının aktivliyi, subhüceyrə paylanması, izoferment spektri və kinetik xassələrinin quraqlığın təsirindən dəyişməsi bitkinin inkişafının çiçəkləmə önü, çiçəkləmə, toxum yetişmə fazalarında tədqiq olunmuşdur. Amaranthus cruentus L. yarpaqlarının assimilyasiyaedici toxumalarının subhüceyrə fraksiyalarında (SHF) bitkinin inkişafının çiçəkləməönü, çiçəkləmə, toxum yetişmə fazalarında quraqlığın təsirindən NAD-malatdehidrogenaza (l-malat-NAD-oksidreduktaza, NAD-MDH, EC 1.1.1.37) fermentinin aktivliyinin subhüceyrə paylanması, izoferment spektri və kinetik xassələri tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, amarant yarpaqlarında NAD-MDH geniş izoferment spektrinə malikdir və izoformaların sayı stres, toxuma növü və SHF-dan asılı olaraq dəyişir. Fermentin ümumi aktivliyinin əsas hissəsi hər 2 toxumanın sitozol və mitoxondri fraksiyalarına lokalizə olunmuşdur. MH-nin sNAD-MDH-sının kataliz etdiyi reaksiyanın Vmax (OA) qiyməti mNAD-MDH-ya nisbətən 2 dəfə, ÖTH-nin mNAD-MDH-sının Vmax (OA) qiyməti isə MH-nin mNAD-MDH müvafiq göstəricisindən 3-4 dəfə yüksək olmuşdur. Fermentin izoformaları geniş pH optimuna malik olub temperatura qarşı davamlıdırlar. Ferment SHF-dan asılı olaraq öz substratı olan oksalasetata (OA) qarşı yüksək, malata qarşı isə aşağı həssaslığa malikdir. NAD-MDH reaksiyası ümumilikdə Mixaelis-Menten qanunauyğunluğuna tabe olub substrata qarşı heç bir allosteriklik göstərmir. Fermentin aktivliyi aralıq substratlar, bir və iki valentli ionlarla ciddi tənzim olunur. ATF-in fermentin bütün izoformalarına inhibirləşdirici təsiri quraqlığın təsirindən daha da artır.