1AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
2AR KTN Əkinçilik ET İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsi
Pas dənin məhsuldarlığını aşağı salan təhlükəli göbələk xəstəliyidir. Pas xəstəliklərinə nəzarət üçün pasa davamlı sortların becərilməsi səmərəli və ekoloji baxımdan daha təhlükəsiz yanaşmadır. Müxtəlif molekulyar metodlardan istifadə etməklə, yumşaq və bərk buğda genotiplərində və onların yabanı növlərində hələlik qonur pasa qarşı 81 və sarı pasa qarşı 53 davamlılıq geni aşkar edilmişdir. Tədqiqat işinin əsas məqsədi Əkinçilik ET İnstitutunun genofondunda toplanmış buğda nümunələrində Lr və Yr genlərinin mövcudluğunu müəyyənləşdirmək olmuşdur. Lr9, Lr19, Lr34, Lr35 və Yr9 və Yr18 genləri müxtəlif molekulyar markerlərlərdən istifadə etməklə analiz olunmuşdur. PZR profillərdə 1100 bp uzunluğunda spesifik fraqmentlərin olması ilə tədqiq edilən 78 genotipdən 60%-nin 6B xromosomlarında Lr9 geninin mövcudluğu müəyyən edilmişdir. SCS123 və SCS253 SCAR markerlərin köməyilə Lr19 geninin identifikasiyası zamanı 45 genotipdə müsbət nəticə müşahidə edilmişdir. Lr43 geninin allel vəziyyəti Lr34/csLV34a və Lr34/csLV34b markerlərin köməyilə tədqiq edilmişdir. Molekulyar analiz 21 genotipdə Lr34 geninin a allelini, 9 genotipdə isə b allelini üzə çıxarmışdır. İki genotipdə isə Lr34 geninin hər iki alleli müşahidə edilmişdir. Genotiplərin 54%-də Lr43 geninin heç bir alleli müəyyən edilməmişdir. 61 genotipin PZR profillərində Lr35 geni üçün xarakterik fraqmentlər aşkar edilməmişdir. 40 genotipin elektroforetik profillərində Yr18 geni üçün diaqnostik 250 bp fraqmentlər müşahidə edilmişdir. 4 genotip istisna olmaqla, digər genotiplərin hamısında Yr9 geni üçün xarakterik 150 bp sahədə fraqmentlər amplifikasiya olunmuşdur. Bu nəticələr Azərbaycanda buğdanın pas xəstəliklərininə nəzarət edilməsi və pasa davamlı buğda sortlarının yaradılmasında əsas kimi istifadə oluna bilər.