Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi
Tədqiqatın əsas məqsədi kəskin xolesistit modeli yaratmaq olmuşdur. Kəskin xolesistitin inkişafında patogen mikroorqanizmlərin və iltihabın aparıcı rolunu nəzərə alaraq biz öd kisəsinə tərkibində müxtəlif patogen mikroorqanizmlər olan və yüksək toksikliyə malik peritoneal eksudat yeritməyi məqsədəuyğun hesab etdik. Peritoneal eksudat F.F.Usikov üsulu ilə peritonit modeli yaradılmış dovşanların qarın boşluğundan götürülmüş möhtəviyyatdan Elmi-Tədqiqat Mərkəzində işlənilmiş metodla hazırlanmışdır. Kəskin xolesistit model yaratmaq məqsədilə öd kisəsinə 2 ml yüksək toksikliyə malik peritoneal eksudat yeridilmişdir. Kəskin xolesistitin inkişafını izləmək üçün təcrübələrin 3,7,15 və 30-cu günlərində götürülən qanda adı çəkilən patologiya üçün xarakterik olan markerlərin o cümlədən qələvi fosfatazanın, AST, ALT, Amilaza və γ-qlütamin transferaza fermentlərinin qatılığı təyin edilmişdir. Alınmış nəticələrə əsasən müəyyən edilmişdir ki, öd kisəsinə peritoneal eksudatın yeridilməsindən sonra 15 gün müddətində qanda adı göstərilən fermentlərin qatılığı artmış, 15-ci gündən sonra isə tədricən azalmağa başlamışdır. Bunu əsas götürərək hesab edirik ki, öd kisəsinə 2 ml peritoneal eksudat yeridilməsindən sonra 15 gün müddətində kəskin xolesistit inkişaf edir və 30-cu gün artıq patoloji prosesin sönükləşməsi başlayır.