Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycan Populyasiyasının STR Markerlərlə Tədqiqi: I. STR Markerlərin Əsas Populyasion-Genetik Parametrlərinin Təyini
N.Ş. Mustafayev, Ə.Ç. Məmmədov, E.R. Məmmədov, Ə.B. Həsənov, İ.M. Hüseynova

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu,

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi

    Azərbaycan populyasiyası əsas insan identifikasiyasının dəstini təşkil edən 15 ədəd STR markerlərlə tədqiq olunmuşdur. Tədqiqatda 205 nəfər qohum olmayan şəxslərdən ayrılmış xromosom DNT-dən istifadə olunaraq hər bir STR lokusun allel tərkibi müəyyən edilmişdir. Populyasiya daxilində hər bir lokus üzrə aşkarlanan allellərin növü (homo- və heteroziqot) müəyyən olunmuş, heteroziqotluğun faktiki (Hmüş) və gözlənilən (Hgöz) tezlikləri, lokusun genetik müxtəliflik indeksi (GD), inkaretmə qa­biliy­yəti və ya gücü (PE), qohum olmayan fərdlərin diskriminasiya (kənaretmə) ehtimalı (gücü) (PD), polimorf informasiya tutumu (PIC) hesablanmışdır. Aşkarlanan homoziqot allellərin sayı 44-138, heteroziqot allellərin sayı 272-366 arasında dəyişmiş, ayrı-ayrı allellərin tezlikləri 0,0024-0,4951, lo­uslar üzrə aşkarlanan heteroziqot allellərin faktiki müşahidə olunan tezlikləri 0,7171-0,8927, bütöv lokus üzrə gözlənilən tezlikləri (heteroziqotluq dərəcəsi) 0,8184-0,9073, lokusların genetik müxtəliflik indeksi 0,6628-0,8748, lokusların inkaretmə qabiliyyəti 0,3739-0,7805, diskriminasiya ehtimalı (gücü) 0,8204-0,9095, polimorf informasiya tutumu isə 0,7946-0,8999 arasında dəyişmişdir. Bu göstəricilər kifayət qədər yüksək göstəricilər olub, STR lokusların allelləri üçün müəyyən edilən tezlikləri referent tezliklər kimi müxtəlif xarakterli identifikasiya məsələlərində, o cümlədən məhkəmə-tibbi ekspertiza təcrübəsində, həmçinin digər genetik tədqiqatlarda istifadə üçün təklif etmək olar.  

STR marker, lokus, allel, tezlik, genetik müxtəliflik indeksi, diskriminasiya gücü, polimorf infor¬ma¬siya tutumu