Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Duz Stresinin Müxtəlif Buğda Genotiplərinin Fizioloji Göstəricilərinə Təsiri
Ü.F. İbrahimova, T.H. Qaragözov, Y.M. Feyziyev

AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu
Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutu

Süni torpaq şoranlığının buğdanın Triticum aestivum L. (Qiymətli-2/17, Nurlu-99 və Əzəmətli-95) və
Triticum durum Desf. (Qaraqılçıq-2 və Bərəkətli-95) növlərinin bəzi genotiplərində fizioloji proseslərə
təsiri öyrənilmişdir. Göstərilmişdir ki, şoranlığın yaratdığı stres, davametmə müddətindən asılı olaraq,
bitkilərin yarpaqlarında fotosintetik piqmentlərin (xlorofil a, b və karotinoidlər) miqdarına müxtəlif
şəkildə təsir etmişdir. Stresin 5-ci gününədək piqmentlərin miqdarında artım müşahidə olunsa da,
sonrakı günlərdə piqmentlərin miqdarı azalmağa başlamışdır. Müəyyən olunmuşdur ki, torpaqda
NaCl duzunun 150 mM qatılığı genotiplərin xloroplastlarının fotosistem II-nin flüoressensiya
dəyişmələri ilə təyin olunan ((FM-F0)/FM nisbəti) fotokimyəvi fəallığına əhəmiyyətli dərəcədə təsir
göstərmir. NaCl-un 300 mM qatılığında isə xloroplastların fotokimyəvi fəallığı nəzərə çarpacaq
dərəcədə azalmışdır. Bu azalma daha çox quraqlığa həssas Qaraqılçıq-2 genotipində müşahidə
edilmişdir. Duz təsirinə məruz qalmış bitkilərdə antioksidant fermentlərin fəallığının tədqiqi NaCl-un
150 mM qatılığında askorbatperoksidaza (APO), katalaza (KAT) və qvayakolperoksidazanın (QPO)
fəallığının artdığını, qlutatioreduktazanın (QR) fəallığının isə (Bərkətli-95 genotipi istisna olmaqla)
azaldığını göstərmişdir. NaCl-un 300 mM qatılığında isə nümunələrin genotipik xüsusiyyətlərindən
asılı olaraq antioksidant fermentlərinin fəallıqları dəyişmiş və Bərəkətli-95 genotipində APO və QPO
fermentlərinin fəallığı yüksək olmuşdur.

Buğda, duz stresi, fotokimyəvi fəallıq, fotosintetik piqmentlər, antioksidant fermentləri