Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Abşeronun Texnogen Ərazilərində Eldar Şamı Tozcuqlarının Morfoloji Xüsusiyyətləri Və Keyfiyyət Göstəriciləri
V.S. Fərzəliyev

AMEA Mərkəzi Nəbatat Bağı

 

Məqalə Abşeron şəraitinə introduksiya olunmuş Pinus eldarica Medw. növünün tozcuqlarının keyfiyyətinin
və morfoloji xüsusiyyətlərinin müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatın
materialını Abşeron yarımadasının fərqli ərazilərindən toplanmış eldar şamının erkək
generativ orqanları təşkil etmişdir. Nümunələr Bakı və Sumqayıt şəhərlərinin parklarında və
çirklənmə istiqamətində olan bəzi yaşıllıq sahələrində əkilib-becərilən və çirklənmə baxımından
nisbətən təmiz sayılan Mərkəzi Nəbatat Bağında bitən ağaclardan götürülmüşdür. Laboratoriya
şəraitində Eldar şamı tozcuqlarının sterilliyi və morfoloji quruluşu tədqiq edilmişdir. Məlumatların
statistik təhlilində JMP proqramından istifadə edilmişdir. Eldar şamı tozcuqlarının orta ölçüləri
tozcuq dənələrinin uzunluğu (L) 48,4-69,1 mkm, tozcuq dənələrinin cisminin uzunluğu (A) 29,7-50,3
mkm və hündürlüyü (B) 33,5-44,6 mkm, tozcuq kisəsinin uzunluğu (C) 21,3-29,4 mkm və hündürlüyü
(D) isə müvafiq olaraq 28,1-36,8 mkm həddində dəyişmişdir. Aparılan tədqiqatlar nəticəsində 10%-li
saxaroza məhlulunda cücərdilmiş Eldar şamı tozcuqlarının strukturunda və formalarında steril,
xırda, hipertrof, bir hava kisəli və ya hava kisəsindən məhrum olma kimi əlamətlərlərlə yanaşı,
tozcuqların ikiləşməsi, əyilməsi və budaqlanması kimi anomaliyalıqların da olduğu müəyyən edilmişdir.

Eldar şamı, tozcuq, fertillik, sterillik, Abşeron, texnogen