Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Yumşaq Buğdanın (T. aestivum L.) Genetik Müxtəlifliyinin ISSR Markerlərlə Qiymətləndirilməsi
S.Ə. Nuriyeva1*, Z.İ. Əkpərov1, M.Ə. Abbasov1,2, X.N. Rüstəmov1, H.B. Sadıqov1, C.M. Ocaqi1, F.A. Şeyxzamanova1, S.P. Rzayeva1, R.C. Sharma3

1AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq pros.,155, Bakı AZ1148, Azərbaycan;
2Bakı Dövlət Universiteti, Z.Xəlilov küc., 23, Bakı AZ1048, Azərbaycan;
3 Quraq Ərazilərdə Aqrar Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz (İCARDA), Daşkənd, Özbəkistan;

Tədqiqat işində yumşaq buğdanın 6 növmüxtəlifliyinə aid 50 nümunəsinin genetik müxtəlifliyinin
ISSR markerlərlə qiymətləndirilməsinin nəticələri təhlil edlmişdir. İstifadə olunmuş 12 ISSR
praymerindən 7-si yüksək polimorfizmə malik olduğundan, tədqiqat materialının genetik müxtəlifliyi
həmin praymerlərin nəticələri əsasında analiz olunmuşdur. 7 ISSR praymeri vasitəsilə 50 genotipdə 65
polimorf bənd aşkar olunmuş və Ney oxşarlıq indeksi əsasında qurulmuş dendroqramda nümunələr 5
klasterdə qruplaşmışdır. Klaster analizinin nəticələri göstərmişdir ki, eyni növmüxtəlifliyinə aid olan
genotiplər əsasən eyni qruplarda birləşmişlər. Bu isə buğda bikisində növmüxtəliflik əlamətlərinin
seleksiya işlərində mühümlüyünü bir daha təsdiq etmişdir. ISSR markerlərinin nəticələrinə görə
genetik cəhətdən uzaq kimi qiymətləndirilən genotiplərdən seleksiya işlərində başlanğıc material kimi
istifadə oluna bilər. UBC811, UBC841 və UBC827 praymerləri ilə amplifikasiya olunmuş ümumi və
polimorf bəndlərin sayının, polimorfizm dərəcəsinin, PIC, EMR, MI və RP kimi müxtəliflik indeksi
qiymətlərinin yüksək olmasını nəzərə alaraq, onların yumşaq buğda genotiplərinin genetik
strukturunun tədqiqində effektiv praymer kimi istifadə olunması tövsiyə olunur.

T. aestivum L., genetik müxtəliflik, botaniki növmüxtəlifliyi, İSSR marker