Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Böyük Qafqazın Cənub-Şərq Hissəsində Yayılmış Şabalıdyarpaq Palıdın Oduncağının Anatomik Və Dendroxronoloji Tədqiqi
F.S. Seyfullayev, V.S. Fərzəliyev

AMEA Mərkəzi Nəbatat Bağı, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan;

Böyük Qafqazın cənub-şərq hissəsində (İsmayıllı rayonu ərazisi) yayılmış şabalıdyarpaq palıdın
(Quercus castaneifolia C.A.Mey.) oduncağının su borularının parametrləri və halqa qalınlıqları tədqiq
edilmişdir. Tədqiqatlar standart anatomik və dendroxronoloji metodlardan istifadə olunmaqla
aparılmışdır. Bu məqsədlə illər üzrə ilkin oduncağın su borularının sayı hesablanmış, onların
boşluqlarının eni, uzunluğu ölçülmüşdür. Halqaların eni də ölçülərək su borularının boşluqlarının
sahələri ilə müqayisə olunmuşdur. Məlum olmuşdur ki, ağac yaşlandıqca onun ilkin oduncağının su
borularının sahəsi artır, sayı isə azalır. Tədqiqatlar zamanı halqaların eninin indeksləri ilə su
borularının sahələrinin indeksləri arasında mənfi korrelyasiya müşahidə olunmuş, artım və azalma
trendləri 65% təşkil etmişdir. Müəyyən olunmuşdur ki, oduncağın su borularının boşluqlarının
sahələri ilə cari ilin mart və aprel ayının temperaturu, ötən ilin noyabr ayının yağıntısı arasında
müsbət, cari ilin fevral, avqust və noyabr aylarının yağıntısı arasında mənfi korrelyasiya mövcuddur.
Əldə olunan nəticələr əsasında məlum olmuşdur ki, ərazidə yayılmış şabalıdyarpaq palıd növü iqlim
təsirlərinə həssas olmaqla gələcəkdə iqlim dəyişkənliklərinin tədqiqində istifadə oluna bilər.

Şabalıdyarpaq palıd, ilkin oduncaq, su boruları, oduncaq-halqa xronologiyası, radial artım