Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Ali Bitkilərin Plastid Təyinatlı Nüvə Genləri
H.F. Əliyeva1, Ə.Ü. Abduləzimova1, N.Ş. Mustafayev1, L.M. Süleymanova2, Z.Ə. Abaszadə, İ.Ə. Şahmuradov1,2,*

8 ali bitkidə (birləpəli Oryza sativa, Sorghum bicolor və Zea mays, ikiləpəli Arabidopsis thaliana,
Medicago truncatula, Populus trichocarpa, Glycine max və Vitis vinifera) xloroplast təyinatlı zülal
kodlaşdıran (XTZK) nüvə genlərinin axtarışı, həmçinin kəsəkotu və düyünün XTZK nüvə genlərinin
potensial promotorlarının hansı sinfə (TATA yaxud qeyri-TATA) mənsub olması baxımından
müqayisəli analizi həyata keçirilmişdir. Aşkar olunmuşdur ki, bu bitkilərin hər birinin nüvə
genomunda plastid təyinatlı olması güman olan 3000-dən yuxarı zülal (polipeptid) geni kodlaşdırılır.
Plastid təyinatlı nüvə genlərinin ümumi sayına görə müxtəlif növlər arasında böyük fərq müşahidə
olunur. Bütöv zülal ardıcıllıqlarının 60% və daha yuxarı oxşarlıq dərəcəsi meyarı əsas götürülməklə,
müxtəlif tip oxşar gen qrupları müəyyənləşdirilmişdir. 4642 qrupda 3 birləpəli bitkinin hər biri, ən azı,
bir gen ilə təmsil olunur. İkiləpəlilərdə 2042 belə qrup aşkar olunmuşdur. A.thaliana və O.sativa
bitkilərinin 29 metabolik yol və ya funksional kompleks ilə bağlı 1159 və 1491 XTZK nüvə geni üçün
potensial TATA və/ya qeyri-TATA promotorlar aşkar edilmişdir. Həmin potensial promotorlar
içərisində TATA və qeyri-TATA tip promotorların nisbi payı baxımından (arabidopsisdə 41%/59%,
düyüdə 26%/74%) qeyri-TATA tip promotorlar üstünlük təşkil edirlər.

Ali bitki, plastid, nüvə, genom, gen, zülal, promotor, kompüter analizi