Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Xlorid Duzlaşma Şəraitində Balqabaq Bitkilərinin Misin Təsirinə Adaptiv Strategiyasının Fizioloji Aspektləri
T.S. Şirvani, Ə.C. Səmədova, İ.T. Piriyev, M.Ə. Ənnağıyeva, X.L. Salayeva, G.X. Babayeva, V.M. Əli-zadə

AMEA Botanika İnstitutu

Mis və xlorid duzlarının fərdi və kompleks təsirinin balqabaq bitkisində yaratdığı cavab reaksiyaların
spesifikliyi analiz edilmişdir. Bitkilərin müxtəlif orqanlarının böyümə parametrləri, onlarda biokütlənin
toplanması, müxtəlif azot formalarının, həllolan zülalların miqdarı və proteolitik fermentlərinin fəallığının
dinamikası toksikantların təsir müddətindən (7, 14, 21 gün) asılı olaraq təyin edilmişdir. Cu və NaCl-un
ayrılıqda tətbiqi ilə müqayisədə onların birgə təsirindən bitkilər sinergik, daha intensiv inhibirləşdirici effektə
məruz qalmışlar. Bu fakt həm bitkilərin görünüşündə (bitki orqanlarında turqorun zəifləməsində, yarpaqlarda
nekrotik ləkələrin üzə çıxmasında və kökün rənginin tündləşməsində), həm də böyümə parametrlərinin
azalmasında, biokütlənin toplanmasının, xüsusən də köklərdə zülal azotunun və zülalların miqdarının kəskin
zəifləməsində və onlarda proteolitik ferment fəallığının kontrolla təxminən eyni səviyyədə qalmasında da
özünü göstərmişdir. Bütün bunlar balqabaq köklərinin, xüsusilə NaCl iştirakı ilə mislə induksiya olunan
toksikliyə qarşı yüksək həssaslığa və bütövlükdə bu şəraitdə Cucurbita pepo bitkisinin misə qarşı aşağı
növspesifik tolerantlığa malik olduğunu göstərir.

Balqabaq, mis, xlorid şoranlaşma, stress, bitkilərin cavab reaksiyaları