Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Quraqlıq Stresinin Təsirinə Məruz Qalmış Arpa Genotiplərinin (Hordeum vulgare L.) Yarpaqlarında Antioksidant Fermentlərin Fəallığının və İzoenzim Tərkibinin Tədqiqi
АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №2 --------------------------------------- İ.M. Hüseynova1, M.Y. Nəsrullayeva, S.M. Rüstəmova, D.R. Əliyeva, C.Ə. Əliyev

1 AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ 1073, Azərbaycan;
2 AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq prospekti, 155, Bakı AZ 1106, Azərbaycan;

Quraqlıq bütün dünyada bitkilərin məhsuldarlığını və dənin keyfiyyətini aşağı salan əsas stres
amillərindən biridir. Arpa bitkisi zəngin genetik müxtəlifliyə malik olub ətraf mühitin əlverişsiz
amillərinə qarşı kontrast genotiplərin cavab reaksiyalarını qiymətləndirmək üçün mühüm mənbədir.
Antioksidant metabolizm bitkilərin quraqlığa cavab reaksiyalarında əhəmiyyətli rol oynaya bilir.
Tədqim olunan işin məqsədi quraqlıq stresi zamanı antioksidant fermentlər səviyyəsində aşkar olunan
fərqlər əsasında arpa genotiplərinin quraqlığa davamlılıq variasiyalarının müəyyən edilməsi
olmuşdur. Torpaq quraqlığına məruz qalmış 4 arpa genotipinin yarpaqlarında katalaza (KAT),
askorbatperoksidaza (APO), qlütation-reduktaza (QR) və superoksiddismutaza (SOD) fermentlərinin
fəallıqları və izoenzim tərkibləri öyrənilmişdir. Quraqlığa məruz qalmış bitkilərdə KAT və SOD-un
fəallıqları artmış, APO-nun fəallığı isə azalmışdır. Kəskin quraqlıq şəraitində QR-in ümumi fəallığı К
2778 və St. Qarabağ 7 genotiplərində artmış, yerli №77 və St.Pallidum 596 genotiplərində isə
azalmışdır. Normal suvarma şəraitində becərilən nümunələrlə müqayisədə stres zamanı fermentlərin
izoenzim tərkibində əsaslı fərqlər (yeni izoformaların əmələ gəlməsi və yaxud itməsi) müşahidə
edilməmiş, lakin elektroforetik spektrlərdə uyğun izoformaların intensivliyi artmışdır.

Hordeum vulgare L., quraqlıq stresi, oksigenin aktiv formaları, antioksidant fermentlər, izoenzim tərkibi